16 Mart 2019 00:24 (UTC+04:00)
Biləsuvarın 23 kəndində heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı tədbirlər aparılır (FOTO)
Bakı. Katalog.az: Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Biləsuvar rayonunda da kənd təsərrüfatı heyvanları arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib. Hazırda bu tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Katalog.az-ə verilən məlumata görə, cari ilin tədbirləri başlayandan indiyə kimi Biləsuvar Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 23 kənd və 1 şəhərində vətəndaşların mülkiyyətində saxlanılan 41 200 baş iribuynuzlu, 138 800 baş xırdabuynuzlu, 1 000 baş təkdırnaqlı heyvan, 4 min baş sahibli it və 400 min baş ev quşuna baytarlıq xidməti göstərilir. Heyvanlara göstərilən xidmətlər Biləsuvar Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində yerli baytarlıq xidməti tərəfindən 38 554 baş iribuynuzlu, 1 075 baş təkdırnaqlı heyvanda qarayara, 3 884 baş sahibli itdə quduzluq, 170 028 baş quşda nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1 095 baş iribuynuzlu, 18 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 20 610 kvadratmetr sahədə dezinfeksiya işi görülüb. Fevral ayından isə Biləsuvar rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 610 baş iribuynuzlu və 36 977 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Biləsuvar rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, leptospiroz xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanda vərəmə və təkdırnaqlı heyvanda manqoya görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub. Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir. Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
VALYUTA
feed not loading