15 Mart 2019 21:41 (UTC+04:00)
Kamal Abdulla Kanada nümayəndə heyəti ilə görüşüb (FOTO)
Bakı. Katalog.az: Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Kanadanın Almaniyadakı səfiri, həmçinin Avropa İttifaqı və Avropadakı xüsusi nümayəndəsi Stefan Dion, bu ölkənin Türkiyə, Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri Kristofer Kuterlə görüşüb. Universitetdən Katalog.az-ə verilən məlumata görə, rəsmi qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirən rektor qeyd edib ki, nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan və Kanada arasında olan əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. ADU haqqında məlumat verən rektor bildirib ki, ali təhsil ocağını bitirən məzunlar arasında yüksək dövlət vəzifələrində, səfirliklərdə çalışan şəxslər üstünlük təşkil edir. S.Dion Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. O, qeyd edib ki, Kanadanın Baş naziri Azərbaycan və ölkəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır: “Əvvəlcə qeyd edim ki, mən özüm də universitet professoruyam və tələbələrlə, professor-müəllim heyəti ilə görüşmək olduqca xoşdur. Bakıda olduğum müddətdə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa qurumlarda görüş imkanım olub. Biz əməkdaşlıqla bağlı müxtəlif təşəbbüsləri araşdırırıq, nümayəndə heyətimiz ölkəni tərk etdikdən sonra bu istiqamətdə faydalı iş aparılır”. Səfir K.Kuter isə Azərbaycanla ölkəsi arasında təhsil sahəsindəki mövcud əməkdaşlığa toxunub. Onun sözlərinə görə, 240 azərbaycanlı gənc dövlət hesabına Kanadada təhsil alır. Səfir ölkəsinin Toronto və Vaterloo universitetlərinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Rektor K.Abdulla bu təşəbbüsü yüksək qiymətləndirib və hər iki universitetin rəhbərliyi ilə mövcud istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Daha sonra nümayəndə heyəti ADU-nun professor müəllim heyəti ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb.
VALYUTA
feed not loading