12 Fevral 2019 11:55 (UTC+04:00)
Parisdə yaşayan azərbaycanlı yazıçının imza günü keçirilib (FOTO)
Bakı. Katalog.az: Bakıda Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” sənədli-bədii romanının Azərbaycan və fransız dillərində təqdimatı keçirilib. Katalog.az-in məlumatına görə, romanda öz cəsarəti, azərbaycanlı əsgərə olan sevgisinə görə doğma vətəni Fransanı tərk edib İmişlidə yaşamağa qərar verən İvon Bottonun keşməkeşli, insan düşüncələrinin fövqündə dayanan həyatından bəhs edilir. Bu kitab Azərbaycanda populyar əsərlərdən sayılır. Tədbirdə bildirilib ki, Ş.Sinaria kitab üzərində uzun müddət işləyib, qəhrəmanının həyat hekayəsini bir aya yaxın müddətdə onun evində qalaraq özündən dinləyib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, kitab hər iki ölkədə böyük rezonansa səbəb olub, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşıb, hətta bəzi oxucular bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını vurğulayıb. Həqiqət isə odur ki, bu, nə nağıldır, nə də əfsanə. Bu, cəmi bir il öncəyə kimi yaşayan bir qadının gerçək taleyidir. O qadın ki, həm sevgilidir, həm həyat yoldaşı, həm ana, həm nənə, həm də iki ölkənin vətəndaşı. Çıxışlardan sonra müəllif qonaqlar üçün kitabını imzalayıb.